26.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Yevlax şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonumuzun icra başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə namayəndəsi Tacir Əzizov, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və problemi olan sakinlər iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə Respublikamızda aparılan iqtisadi islahatlar, o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərinə məlumat verdi. Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən söz açan Şahmar Usubov, Cənab Prezidentimizin apardığı qətiyyətli siyasət, Ordumuzun gücü, xalqımızın həmrəyliyi nəticəsində 30 il ərzində işğalda qalan torpaqlarımızı azad etdiyimizi vurğuladı. Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən iş ilə təminat barəsində oldu. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü.